Babək Xürrəmi
Babək Xürrəmi (Babək əl-Xürrəmi) (təqrribən 795, başqa məlumata görə, 798-14.3.838) - Azərbaycanda milli-azadlıq hərəkatının (816-838) simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi. Ərdəbil şəhəri (Cənubi Azərbaycan) yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Bəzi tarixi mənbələrə görə, əsl adı Həsən olmuşdur.
Xürrəmilər hərəkatına qoşulan Babək Cavidanın ölümündən sonra Azərbaycan xalqının Ərəb işğalçılarına qarşı azadlıq müharibəsinə başçılıq etmişdir. Tanınmış ərəb sərkərdələri Babəkə qarşı müharibələrdə ağır məğlubbiyyətlərə düçar olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babək tərəfindən məhv edilmişdir. 830-cu ildə Babəkin qoşunlarının Həmədanı alması ilə Xilafətin şərq torpaqlarından məhrum olma təhlükəsi yaranır. Ərəb tarixçisi Məsudinin (10-cu əsr) məlumatına görə, bu dövrdə Babəkin başçılığı altında geniş vüsət almış Xürrəmilər hərəkatı Abbasilər xilafəti üçün ciddi təhlükəyə çevrilir. Xəlifə Məmun varisi Mütəsimə xürrəmilərə qarşı bütün qüvvələri səfərbərliyə almağı və müharibəyə daha tədbirli, daha qəddar bir sərkərdə göndərməyi vəsiyyət etmişdi. Babək ərəb ordusunun Azərbaycandan çıxarılmasına nail olmaq məqsədilə 834 - 836-cı illərdə Bizans imperatoru Fefilə xiləfətə qarşı hərbi-siyasi ittifaq bağlamaq təklifi göndərir. Babəkin ərəblərə qarşı Bizans İmperiyası ilə əvvəllər də hərbi-siyasi müqavilələr bağlaması məlumdur. 837-ci ildə imperator ərəblərə qarşı qoşun göndərsə də, bu Azərbaycanda mübarizənin gedişatına əhəmiyyətli təsir göstərmir. Xürrəmilərin getdikcə güclənməsindən qorxuya düşən Mütəsim Bizans İmperisyası ilə sülh bağlamaq məcburiyyəti qarşısında qalır və Xilafətin bütün hərbi qüvvələrini xürrəmilərə qarşı yönəldir. Hərəkata qarşı hərbi əməliyyatlar aparan daha yaxşı silahlanmış xilafət ordusuna Bizans İmperiyasə ilə müharibədə şöhrət qazanmış türk mənşəli sərkərdə Afşin Heydər Kavus oğlu başçılıq edirdi.
Xürrəmilərin şiddətli müqavimətinə baxmayaraq, ərəb qoşunları 837-ci ildə Bəzz qalasını alır. Babək kiçik bir dəstə ilə mühasirəni yararaq Arrana üz tutur. O, Bizansa gedib imperator Feofil ilə əlaqə yaradır və ərəblərə qarşı yeni ordu toplamaq istəyini ona çatdırır. Lakin Şəki (indiki Ermənistanın Sisiyan rayonunun ərazisində yaşayış məntəqəsi) hakimi erməni esilli Səhl ibn Sumbatın xəyanəti nəticəsində Babək ərəblərin əlinə keçir . 838-ci il yanvarın 4-də Babək qardaşı Abdulla ilə birlikdə Samirə şəhərinə aparılır. Xəlifə Mütəsim Babəki xüsusi işgəncə ilə edam etdirir. Buna baxmayaraq, Babəkin başçılığı altında Azərbaycan xalqının ərəb istilasına qarşı apardığı azadlıq mücadiləsi Xilafəti zəiflədir və onun parçalanmasını sürətləndirir
Davamı...


